• Facebook
  • Twitter
AzSığorta

Sığorta şirkətlərinin minimal kapitalı artırılacaq

Sığorta şirkətlərinin minimal kapital tələbinin artırılmasının vaxtı çatıb.

Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bu gün keçirilən 4-cü Azərbaycan Beynəlxalq sığorta forumunda çıxışında deyib.

Nazir qeyd edib ki, sığorta şirkətlərinin minimal kapital tələbi 5 mln. manatdan 10 milyon manata qədər artırılacaq.

“Bu sığorta bazarının əsas oyunçuları üçün problem olmayacaq. Çünki artıq bir sıra sığorta şirkətlərinin kapitalı 10 mln. manatdan çoxdur.

Kapital artırılması vacibdir. Amma biz sığorta bazarının inkişafı naminə bunu müəyyən müddətə həyata keçirəcəyik”.

S.Şərifov bildirib ki, prudensial nəzarətin gücləndirilməsi nəticəsində 2003-2012-ci illərdə sığorta şirkətlərinin minimum nizamnamə kapitalı 5 dəfə artıb.

Nazir bildirib ki, bu müddətdə kapitalın yığılması 16 dəfə artıb:

“Sığorta şirkətlərinin ümumi kapitalı 18,4 milyon manatdan 2012-ci ildə 300 milyon manatadək artıb. Xalis gəlir 17,5 dəfə artaraq 50 milyon manata yaxın olub”.

Nazir bildirib ki, hazırda ən mühüm tapşırıqlardan biri də risklərin minimuma endirilməsidir:

“Prudensial nəzarət davam etdirilməlidir. Son illər hökumət tərəfindən atılan addımlar sığorta sektorunun gələcək inkişafına xidmət edəcək”.

Nazir sığorta bazarının son 2 ildə 2 dəfə artdığını və 2012-ci ildə 350 milyon avroya çatdığını xatırladıb.

O, hökumətlə birlikdə xüsusilə də aqrar və səhiyyə sığortası ilə bağlı addımlar atıldığını deyib. O bildirib ki, amma xüsusilə də aqrar sığorta bizi tam qane etmir.

Bu sahədə işlər davam etdiriləcək. Səhiyyə sığortası sahəsində də konkret sığorta modelləri işləyirik. Hazırda əsas işimiz beynəlxalq təcrübəni öyrənməkdir.

Nərmin Rəhimova

Gün.Az

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!